Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Cinayət hüququ

Zəruri müdafiə nədir? Buna görə məsuliyyət nəzərdə tutulubmu?

1. Zəruri müdafiə

zəruri müdafiə
Zəruri müdafiə

Zəruri müdafiə — şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını, hüquqlarını, habelə dövlətin və ya cəmiyyətin mənafelərini ictimai təhlükəli qəsddən qorumaq məqsədilə qəsd edən şəxsə zərər vurmasıdır. Cinayət Məcəlləsinin 36-cı maddəsi zəruri müdafiəni tənzimləyir.

Burada əsas məqam budur ki, müdafiə olunan şəxs qəsdin qarşısını almaq üçün müəyyən zərər yetirə bilər və bu əməl cinayət hesab edilmir.

Zəruri müdafiənin əsas şərtləri aşağıdakılardır:

  1. Əməl ictimai təhlükəli olmalıdır – sadəcə ehtimal və ya qorxu kifayət etmir.
  2. Qəsd real olmalıdır, mövcud olmalıdır, qəsd davam edir və ya dərhal baş vermək təhlükəsi yaradır.
  3. Müdafiə qəsdin xarakterinə uyğun olmalıdır.
  4. Müdafiə zamanı qəsd edən şəxsə zərər yetirilə bilər.

Məsələn, bir şəxs digərinə bıçaqla hücum edirsə və hücuma məruz qalan şəxs özünü qorumaq üçün hücum edənə xəsarət yetirirsə, konkret şəraitdən asılı olaraq bu, zəruri müdafiə hesab edilə bilər.

Vacib fərq: hücum artıq tam başa çatdıqdan sonra qisas məqsədilə həmin şəxsi döymək və ya xəsarət yetirmək, zəruri müdafiə sayılmır.

Zəruri müdafiə zamanı həmin müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlmiş olmalıdır; müdafiə zəruri müdafiə həddini aşmamalıdır; müdafiə qəsd edənə zərər vurma yolu ilə həyata keçirilməlidir.

Hüquq mühafizə orqanlarına, məhkəməyə ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

2. Zəruri müdafiə həddini aşma

zəruri müdafiə
Zəruri müdafiə həddini aşma

Cinayət Məcəlləsinin 36.3-cü maddəsinə əsasən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.

Zəruri müdafiə həddini aşma — şəxsin real ictimai təhlükəli qəsddən müdafiə olunarkən, müdafiə vasitələrinin qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməməsi, yəni müdafiənin zəruri həddən artıq olmasıdır.

Sadə dillə desək burada əsas məsələ budur ki, şəxs həqiqətən hücuma məruz qalmalıdır, lakin özünü müdafiə edərkən hücumun yaratdığı təhlükədən açıq-aşkar artıq güc tətbiq etməməlidir.

Misallar:
1. A şəxs B-ni yumruqla vurur. B özünü qorumaq üçün A-nı itələyir və A yerə yıxılır. Lakin bundan sonra təhlükə artıq aradan qalxdığı halda B A-nı dəfələrlə döyərək ona ağır xəsarət yetirir. Burada ilkin müdafiə zəruri müdafiə ola bilər, lakin təhlükə aradan qalxdıqdan sonra davam etdirilən qəsdən zorakılıq zəruri müdafiə həddinin aşılması hesab oluna bilər.


2. A şəxs B-yə bıçaqla hücum edir. B hücumdan yayınmaq və özünü qorumaq üçün A-nı vurur və nəticədə A ağır xəsarət alır. Hücum real, davam edən və həyat üçün təhlükəli olduğu üçün B-nin hərəkətləri konkret şəraitdən asılı olaraq zəruri müdafiə çərçivəsində qiymətləndirilə bilər. Ağır nəticənin yaranması da avtomatik olaraq həddin aşılması demək deyil.

“Hücum edənə zərər dəydisə, deməli zəruri müdafiə həddi aşılıb” — bu, düzgün yanaşma deyil.

Burada vəziyyət qiymətləndirilərkən, hücumun xarakterini; hücum edən şəxsin istifadə etdiyi vasitə; hücumun intensivliyi; müdafiə olunan şəxsin real təhlükəni necə qəbul etməsi; tərəflərin fiziki vəziyyəti; müdafiə zamanı istifadə olunan vasitə; təhlükənin davam edib-etməməsi kimi hallar nəzərə alınmalıdır.

Zəruri müdafiə: hücum var – şəxs özünü qoruyur – hücumun qarşısını almaq üçün zərər yetirir – əməl cinayət sayılmır.

Həddin aşılması: hücum var – şəxs özünü qoruyur – lakin müdafiə vasitəsi qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun olmayan həddə çatır – qanunda nəzərdə tutulan hallarda cinayət məsuliyyəti yarana bilər.

Həmçinin zəruri müdafiə həddini aşma ilə qisas almağı qarışdırmaq olmaz. Hücum artıq bitdikdən sonra hücum edən şəxsi cəzalandırmaq məqsədilə ona xəsarət yetirmək, zəruri müdafiə deyil, bu hal zəruri müdafiə həddinin aşılması kimi qiymətlənidirilə bilər.

Hüquq mühafizə orqanlarına, məhkəməyə ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Zəruri müdafiə həddini aşmaya görə məsuliyyət

Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə əsasən zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə—

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürmə

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Cinayət Məcəlləsinin 130.1-ci maddəsinə əsasən zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma—

1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma –

1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hüquq mühafizə orqanlarına, məhkəməyə ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

3. Son zərurət nədir?

zəruri müdafiə
Son zərurət

Cinayət Məcəlləsinin 38.1-ci maddəsində son zərurətə anlayış verilmişdir. Belə ki, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün Cinayət Məcəlləsi ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır.

Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır.

Son zərurət həddini bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.

Təsəvvür edək ki, avtomobildə sərnişinin vəziyyəti qəfil ağırlaşır və onun həyatını xilas etmək üçün xəstəxanaya mümkün qədər tez çatmaq lazımdır. Sürücü başqa real imkan olmadığından yol hərəkəti qaydasını pozaraq müəyyən zərər yaradır.

Əgər sürücünün hərəkəti təhlükəni aradan qaldırmaq üçün zəruri olubsa və vurduğu zərər qarşısı alınan zərərdən daha böyük deyilsə, konkret hallardan asılı olaraq bu, son zərurət vəziyyəti kimi qiymətləndirilə bilər.

Son zərurət vəziyyətində əsas şərt: təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün olmamalıdır və vurulan zərər qarşısı alınan zərərdən daha böyük olmamalıdır.

Məsələn, yanğın zamanı insanı xilas etmək üçün qapını sındırmaq son zərurət nümunəsidir: əmlaka zərər vurulur, lakin daha böyük təhlükə – insanın həyatının itirilməsinin qarşısı alınır.

Hüquq mühafizə orqanlarına, məhkəməyə ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

4. Son zərurət zəruri müdafiə fərqi

zəruri müdafiə
Son zərurət zəruri müdafiə fərqi

Zəruri müdafiə – Təhlükə insanın ictimai təhlükəli qəsdindən yaranır. Şəxs qəsd edənə qarşı müdafiə olunur. Məsələn, zəruri müdafiə vəziyyətində – hücüm edən şəxs vurulur.

Son zərurət – Təhlükə müxtəlif mənbələrdən yarana bilər. Təhlükəni aradan qaldırmaq üçün başqa hüquqi mənafeyə zərər vurula bilər. Məsələn, son zərurət vəziyyətində bir insanı xilas etmək üçün başqasının əmlakına zərər vurulur.

Cinayət hüququnda elə hallar mövcuddur ki, zahirən cinayət əlamətlərinə bənzəyən hərəkət əslində ictimai faydalı və ya hüquqazidd olmayan xarakter daşıyır. Belə hallardan mühüm olanları zəruri müdafiə və son zərurətdir. Hər iki institut şəxsin müəyyən şəraitdə hüquqla qorunan mənafeləri müdafiə etmək məqsədilə hərəkət etməsinə imkan verir və qanunda nəzərdə tutulan şərtlər mövcud olduqda belə əməl cinayət hesab edilmir.

Zəruri müdafiə

Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni şəxsin özünün və ya digər şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini ictimai təhlükəli qəsddən qorumaq məqsədilə qəsd edən şəxsə zərər vurulması, zəruri müdafiə həddi aşılmadıqda, cinayət hesab edilmir.

Zəruri müdafiənin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada təhlükə ictimai təhlükəli qəsddən yaranır. Yəni bir şəxs digər şəxsin hüquqlarına, sağlamlığına, həyatına və ya digər qorunan mənafeyinə qarşı qanunsuz və ictimai təhlükəli hərəkət edir və müdafiə olunan şəxs bu qəsdin qarşısını almaq üçün müdafiə hərəkəti həyata keçirir

Zəruri müdafiənin şərtləri

Birincisi, real ictimai təhlükəli qəsd mövcud olmalıdır. Şəxsin yalnız subyektiv qorxusu və ya ehtimalı zəruri müdafiə üçün kifayət etmir. Müdafiə real təhlükəyə qarşı yönəlməlidir.

İkincisi, qəsd mövcud və ya dərhal başlamaq təhlükəsi yaradan xarakterdə olmalıdır. Təhlükə artıq tamamilə aradan qalxdıqdan sonra hücum edən şəxsi cəzalandırmaq məqsədilə ona xəsarət yetirmək zəruri müdafiə hesab edilə bilməz.

Üçüncüsü, şəxsin məqsədi qisas almaq və ya hücum edən şəxsi cəzalandırmaq deyil, mövcud təhlükəni dəf etmək olmalıdır.

Zəruri müdafiə həddinin aşılması

Cinayət Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun olmayan qəsdən törədilmiş hərəkətlər zəruri müdafiə həddini aşma hesab edilir.

Burada mühüm məqam ondan ibarətdir ki, müdafiə nəticəsində hücum edən şəxsin xəsarət alması və ya hətta daha ağır nəticənin baş verməsi öz-özlüyündə zəruri müdafiə həddinin aşılması demək deyil.

Məsələn, bir şəxs digərinə bıçaqla hücum edirsə və hücuma məruz qalan şəxs həyatını qorumaq üçün hücum edənə ağır xəsarət yetirirsə, yalnız nəticəyə baxaraq müdafiə həddinin aşıldığını demək olmaz. Hücumun təhlükəlilik dərəcəsi, tərəflərin vəziyyəti, istifadə olunan vasitələr və hadisənin digər halları qiymətləndirilməlidir.

Əksinə, şəxsə qarşı təhlükə artıq aradan qalxdıqdan sonra hücum edən şəxsi təkrar-təkrar döymək və ona xəsarət yetirmək müdafiədən daha çox qisas xarakterli hərəkət kimi qiymətləndirilə bilər.

Cinayət Məcəlləsinin 38-ci maddəsində son zərurət nəzərdə tutulur.

Son zərurət zamanı şəxs özünün və ya digər şəxslərin həyatını, sağlamlığını, hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini birbaşa və real təhlükədən xilas etmək üçün həmin təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün olmadıqda müəyyən hüquqla qorunan mənafeyə zərər vurur.

Son zərurətin zəruri müdafiədən əsas fərqi budur ki, təhlükə mütləq başqa şəxsin ictimai təhlükəli hücumundan yaranmalı deyil.

Təhlükə, məsələn:

  • yanğından;
  • təbii fəlakətdən;
  • qəza vəziyyətindən;
  • heyvanın hücumundan;
  • texniki nasazlıqdan;
  • insanın sağlamlığının qəfil pisləşməsindən;
  • digər real və birbaşa təhlükələrdən yarana bilər.

Məsələn, binada güclü yanğın baş verir. İçəridə insanın həyatı təhlükədədir. Onu xilas etmək üçün başqa yol olmadığından qapının sındırılması və ya başqa şəxsin əmlakına müəyyən zərər vurulması zəruri olur.

Bu halda əmlaka zərər vurulmasına baxmayaraq, məqsəd insan həyatını xilas etməkdir. Əgər qanunda nəzərdə tutulan digər şərtlər mövcuddursa, belə hərəkət son zərurət vəziyyətində edilmiş hesab oluna bilər.

Son zərurətdə vurulan zərərin həddi

Son zərurətin ən mühüm şərtlərindən biri odur ki, vurulan zərər qarşısı alınan zərərdən daha böyük olmamalıdır.

Məsələn, insanın həyatını xilas etmək üçün müəyyən əmlaka zərər vurulması bir vəziyyətdə əsaslandırıla bilər. Lakin əmlaka vurulan zərər qarşısı alınan təhlükədən daha böyükdürsə, son zərurətin şərtlərinin pozulması məsələsi meydana çıxa bilər.

Zəruri müdafiədə şəxs özünü və ya digər hüquqla qorunan mənafeyi ictimai təhlükəli qəsddən müdafiə edir, son zərurətdə isə şəxs başqa real və birbaşa təhlükəni aradan qaldırmaq üçün müəyyən zərər vurmağa məcbur olur.

Hüquq mühafizə orqanlarına, məhkəməyə ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

5. Özünü müdafiə maddəsi

zəruri müdafiə
Özünü müdafiə maddəsi

Cinayət Məcəlləsinin 36-cı maddəsində zəruri müdafiəyə anlayış verilmişdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.

Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər.

Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.

Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.

Zəruri müdafiə ilə bağlı məhkəmə təcrübəsi göstərir ki, adətən, həyat, sağlamlıq əleyhinə, ictimai qayda və mülkiyyət əleyhinə yönələn cinayətlərə qarşı zəruri müdafiəyə yol verilir. Eləcə də vəzifəli şəxslərin səlahiyyət həddini aşan qanunsuz fəal hərəkətlərinə qarşı, habelə anlaqsız şəxslərin, qanunla müəyyən edilən yaş həddinə çatmayan (cinayətin subyekti olmayan) şəxslərin təhlükəli hərəkətlərinə qarşı zəruri müdafiəyə yol verilir.

Hərəkətsizliklə bağlı olan cinayətlərə qarşı, bir qayda olaraq, zəruri müdafiəyə yol verilmir.

Ehtiyatsızlıqdan törədilən cinayətlərin zəruri müdafiə vəziyyəti yaratmasına məhkəmə təcrübəsində rast olunmur.

Hüquqi hərəkətlərə qarşı zəruri müdafiəyə yol verilmir. Buna görə də xuliqanlıq edən şəxsin yaxalanmasında polis işçilərinə qarşı, qəsdin qarşısını almağa yönələn müdafiə hərəkətinə qarşı zəruri müdafiəyə yol verilmir. Bununla belə, zəruri müdafiə həddini aşma cinayət sayıldığından, müdafiə həddini aşan hərəkətlərə qarşı zəruri müdafiəyə yol verilir.

Bununla belə, gələcəkdə gözlənilən qəsdlərə qarşı zəruri müdafiə yol verilə bilməz.

Mövcud qəsd – başlanmış, davam edən və hələ başa çatmayan ictimai təhlükəli qəsdi nəzərdə tutur. Qəsdin başlanması ictimai təhlükəli olan əməlin icrasına başlama – qanunla qorunan ictimai münasibətlərə artıq zərər vurmağa başlanmanı nəzərdə tutur.

Zəruri müdafiənin qəsd real olmasıdır. Müdafiə məhz qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir.

Hüquq mühafizə orqanlarına, məhkəməyə ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

6. Əməlin cinayət olmasını aradan qaldıran hallar

səkil 7
Əməlin cinayət olmasını aradan qaldıran hallar

Əməlin cinayət olmasını aradan qaldıran hallar Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən aşağıdakılardır:

Cinayət Məcəlləsinin 36-cı maddəsi – Zəruri müdafiə

Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.

Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.

Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.

Cinayət Məcəlləsinin 37-ci maddəsi – Cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması

Cinayət törətmiş şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulduğu zaman ona zərər yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, cinayət sayılmır.

Cinayət törətmiş şəxsin tutulması üçün tətbiq edilən vasitələrin və üsulların törədilmiş əməlin və həmin əməli törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinə, habelə tutulmanın hallarına aşkar surətdə uyğun gəlməməsi və zərurət olmadan şəxsə açıq-aşkar həddən artıq zərər vurulması şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşmaq hesab olunur. Həddi bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.

Cinayət Məcəlləsinin 38-ci maddəsi – Son zərurət

Son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır.

Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.

Cinayət Məcəlləsinin 39-cu maddəsi – Əsaslı risk

İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində Cinayət Məcəlləsi ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır.

Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail olmaq mümkün deyildirsə və risk edən şəxs bu Məcəllə ilə qorunan obyektlərə zərər dəyməsini aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir.

Bilə-bilə insanların həyatı üçün təhlükə ilə, ekoloji və ya digər fəlakət təhlükəsi ilə müşayiət olunan risk əsaslı hesab edilmir.

Cinayət Məcəlləsinin 40-cı maddəsi – Əmrin və ya sərəncamın yerinə yetirilməsi

Müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş şəxs cinayət məsuliyyəti daşıyır.

Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur.

Qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur.

Hüquq mühafizə orqanlarına, məhkəməyə ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli

İstinadlar: Cinayət Məcəlləsi

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button